
Ağrısızlaşdırma
Stomatoloji manipulyasiyaların çoxunu ağrı simptomları müşayət edir, dedikdə əlbəttə ki, biz keçmiş zamanı, yəni 30 – 40 il bundan əvvəlki vaxtı nəzərdə tuturuq. Müasir stomatologiyanın geniş profilli inkişafı anesteziologiyanı da tutarlı mərhələyə çatdırmışdır və bu imkan verir ki, pasient heç bir ağrı hiss etmədən stomatoloji prosedurları qəbul etsin. Əlbəttə ki, təcürbəsiz həkimlərin (çox hallarda hətta həkimliklə əlaqəsi olmayan diş texniklərinin) xəstənin dişlərində qeyri-adekvat manipulyasiyası nəticəsində problemlər (daimi ağrılar, plompların qısa müddətdə sınması və s.) baş verir və insanların stomatoloqa inamı zəifləyir, bu səbəbdən məcbur qalmadıqca (dişə yeni zədə düşəndə yox, tam çürüyüb pulpit ya da kəskin periodontit olduqda) həkimə müraciət etmirlər.
Ağrısızlaşdırmanın növləri (qeyd edim ki, bu üsullar yerli keyləşdirməyə aiddir)
♦ Applikasion – ağrisızlaşdırma məhlul ya gel formasında selikli qişaya yaxılır. Süd dişlərinin çəkilməsi və inyeksiyadan əvvəl ağrısızlaşdırma məqsədi ilə edilir.
♦ İnfiltrasion – tam keyləşdirmə üsuludur, iynə çox dayaz dərinliyə (2 -3 mm) periferik sinir liflərini blokada etmək üçün vurulur. Karies, pulpit, dişlərin çəkilməsi və mürəkkəb olmayan əməliyyatlar zamanı istifadə olunur.
♦ Naqili – iri magistral sinir liflərini (çənə kanalında yerləşən, üst çənədəki əng sinirini və s.) keyləşdirmə üsuludur. Üz və çənədəki nisbətən geniş əməliyyalarda bu üsulun istifadəsinə göstəriş yaranır.
Yerli keyləşdirməyə əks göstərişlər
♦ Ürək – damar sistemi xəstəliklərində (miokard infarktı, insult 6 aydan tez olan), stomatoloji yardım stasionarda edilir.
♦ Endokrin xəstəliklərin dekompensasiya olmuş formalarında (şəkərli diabet, tireotoksikoz və s.) , bu zaman da yardım stasionarda edilməlidir.
♦ Anestetikə və onun hansısa komponentinə olan həssaslıq (allergiya) olduqda. Xəstəyə allergeloji mərkəzdə sınaq qoyulmalıdır.
Ağırlaşmalardan mümkün qədər uzaq olmaq üçün pasientin anamnezi (xroniki xəstəliyinin olub – olmaması, indiki zamanda hansısa dərman qəbul edib – etməməsi, əvvəl stomatoloqda olub – olmaması və s.) çox vacibdir.