Periodontit (dişi çənə sümüyünə birləşdirən bağların iltihabı)
Dişin kanalında yerləşən pulpanın (sinir-damar kələfinin) iltihabı zamanı, mediatorlarının (iltihab zamanı yaranmış maddələrin) və pulpa qalıqlarının diş kökünün zirvəsindəki dəlikdən sümüyə doğru keçməsi nəticəsində dişin periodont toxuması infeksiyalaşır və periodontit yaranır. Nadir hallarda infeksiya dişin kənar hissəsindən yəni diş əti tərəfdən keçə bilər. Bu infeksiyalaşma uzun müddət davam etdikdə (bir neçə aydan çox) diş kökünün əhatə edən sümükdə rezobsiya (seyrəlmə, sorulma) yaranır və xroniki periodontit adlanır. Sümük toxumasında gedən dəyişikliyi klinik olaraq rentgen müayinə ilə asanlıqla müəyyən etmək olar.
Periodontitin yaranması əsasən infeksiyalaşmanın səbəbindən yaranır, lakin travmatik və medikamentoz periodontitlər də mövcuddur.
Travmatik periodontit – dişin ani anda bərk zərbə alması, plombla və süni dişlərlə okklüziyanın (çənədəki dişlərin uyğunluğu) pozulması, zərərli vərdişlər – dişlə davamlı tum qırmaq, qoz qırmaq, sap kəsmək və s. səbəbilə yaranır.
Medikamentoz periodontit – dişin müalicəsi zamanı güclü təsiredici preparatların təsirindən yaranır (arsenli pasta dişdə normal vaxtdan çox qaldıqda)