Qeyri-karioz xəstəliklər
İnsanların ən çox bildiyi və müşahidə etdiyi dişin dağılma səbəbi kariesdir. Kariesdən başqa dişin sərt toxumalarının bir neçə xəstəliyi var ki, onların adları və haqqında olan məlumatlar az populyardır. Bu xəstəliklərin ümumi adı qeyri-karioz xəstəliklərdir və növləri: hipoplaziya, hiperplaziya. flüoroz, natamam amelogenez, natamam dentinogenez, pazabənzər qüsur, patoloji sürtülmə, dişlərin eroziyası.
1. Hipoplaziya – bu zaman dişin minası və dentini qüsurlu olur. Dişlərin çöl (vestibulyar) səthlərində ağ ləkələr, əsasən mərkəzi kəsici dişlərin ucları və birinci böyük azı dişlərin çeynəmə səthlərinin qüsurlu olması bu xəstəliyin tipik təzahürüdür.
2. Hiperplaziya – minanın üzərində “damcı” formasında artıq minanın inkişafıdır.
3. Flüoroz – dişlərin minasında ləkələr, destruktiv pozuntular (çökəkliklər, eroziyalar) olmasıdır. Normalda içdiyimiz suyun tərkibindəki flüorun miqdarı 1 mq/l (1 litr suda 1 mg flüor) olmalıdır, flüorun miqdarı bu nisbətdən artdıqda (9mq/l kritik həddir) minada flüoroz baş verir. Flüor orqanizmə sutka ərzində 3 mq daxil olmalıdır, bunun 0.5-1.1 mq bərk qida ilə 2.2-2.5 mq maye ilə təmin ediliməlidir.
4. Natamam amelogenez – 4 növü var
* dişin minasında sarı və qəhvəyi rəngdə ləkələr olur.
* dişin minası parıltısız, nahamar, üzərində çatlar olur və rəngi tamamən qəhvəyi olur.
* diş yeni çıxarkən üzərində ağ büküşlər olur və onlar qısa zmanda dişdən ayrılır (qopur) dentin açılır, qıcıqlandırıcıların təsirindən ağrılı olur.
* diş yeni çıxdıqda mina parıltısız tabaşirəbənzər rəngdə olur və mexaniki təsirdən asanlıqla dentindən (dentin minanın altındakı dişin ikinci qatıdır) ayrılır. Pasientlər dişlərdə həssaslıqdan şikayət edirlər.
5. Natamam dentinogenez – dişin ikinci qatı olan dentin təbəqəsinin inkişaf xəstəliyidir. Dişin kökünün çox qısa olması, konusvari olması hətta tamamən olmaması (dişin yalnız tacı olur) ilə xarakterizə olunur.
6. Pazabənzər qüsur – bu ad qüsurun forması ilə əlaqəlidir. Adətən dişlərin çöl səthində (yanaq və dodaq səthində) boyun nahiyyəsində üçkünc pazapənzər formada hamar çökəklik kimi olur. Bu cür zədələnmələr adətən köpək dişlərdə və kiçik azı dişlərdə baş verir. Səbəbi mexaniki təsirdir məsələn, diş fırçası ilə çox sərt fırçalama.
7. Patoloji sürtülmə. Dişlərin sürtülməyə məruz qalması bütün ömrü boyu davam edir, onun intensevliyi qidaların xarakterindən və digər amillərdən asılıdır. Sürtülmə normal və patoloji baş verə bilər. Normal yəni fizioloji sürtülmə dişlərin bir birinə çeynəmə zamanı kontakt edərkən baş verir və çox az nəzərə çarpır. Patoloji sürtülmədə isə bir qrup yaxud bütün dişlərdə minanın hətta dentinin sürətlə kəsilmiş (yonulmuş) kimi qwsuru yaranır. Ağızda dişlərin sayı azaldıqda digər dişlərə artq çeynəmə yükünün düşməsi nəticəsində, protezləmənin yanlış aparılmasında, daimi birtərəfli çeynəməyə adət etmədə, yatarkən dişləri bir birinə bərk qıcama (bruksizm) zamanı və digər amillərdə patoloji sürtülmə yaranır.
8. Eroziya. Bu zaman ön dişlərin vestibulyar (çöl) səthində dibi hamar çökəklik formasında mina və dentini əhatə edən qüsur yaranır. Ən çox üst dişlərdə baş verir. Səbəbləri çox da dəqiq müəyyənləşdirilməyib, amma turş mühitə malik şirələrdən, sitrus meyvələrdən çox istifadə, bəzi dərman preparatlarının uzun müddət qəbulu və s. kimi amillərin rolu olduğunu araşdırmaçı mütəxəssislər qeyd edirlər.